Nazirlər Kabineti «Azərbaycan Respublikası vergi orqanlarının bəzi məsələləri haqqında» qərar qəbul edib.
«
APA-ECONOMICS»in məlumatına görə, qərara əsasən vergi orqanları işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə uyğun olaraq yenidən müəyyən edilib. Nazirliyin aparatının işçilərinin aylıq vəzifə maaşları 800-410 manat arasında, Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları 390-182 manat arasında, Vergilər Nazirliyinin yerli vergi orqanları işçilərinin aylıq vəzifə maaşları isə 385-179 manat (Bakı şəhəri üzrə), 345-178 manat (Gəncə, Sumqayıt şəhərləri üzrə), 312-177 manat (Ərazi vergi idarələri və filialları üzrə) və 300-176 manat (Şəhər, rayon şöbələri üzrə) məbləğində müəyyənləşdirilib. Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları isə 143-110 manat arasında olacaq.
Həmin qərarla Vergilər Nazirliyi üçün xidməti minik avtomobillərinin limiti 15 ədəd müəyyən edilib. Qərarda Maliyyə Nazirliyinə tapşırılıb ki, vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün. Naxçıvan MR ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı qərarı isə Muxtar Respublikanın Nazirlər Kabineti qəbul edəcək. Bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minib.