Azərbaycanda üçüncü ölkələrdən gəlmiş 2,600 qaçqın sığınacaq tapıb
18 İyun 2010 Cümə 13:15
Əli Həsənov: “Azərbaycanda çeçen qaçqınlarla bağlı yeganə problem onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlıdır”.
Hazırda Azərbaycan ərazisində üçüncü ölkələrdən gəlmiş 2,600 qaçqın sığınacaq tapıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. O bildirib ki, on il əvvəl Azərbaycanda üçüncü ölkələrdən gəlmiş qaçqınların sayı təxminən 10 min nəfər təşkil edirdisə, indi bu rəqəm 2,600-ə enib. Bunlar əsasən Çeçenistan, Əfqanıstan, İraq və Pakistandan olan qaçqınlardır. Bu kateqoriya qaçqınların sayı çeçen qaçqınların böyük qismi Azərbaycandan Türkiyə və digər Avropa ölkələrinə getdiyinə görə azalıb. Əli Həsənov bildirib ki, Azərbaycanda çeçen qaçqınlarla bağlı yeganə problem onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlıdır: “Çünki onlar Azərbaycana qeyri-leqal yolla gəliblər. Biz dəfələrlə Rusiyaya müraciət edərək bu qaçqınların şəxsiyyətinin müəyyənləşdirilməsində onlardan kömək istəmişik”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar