Azərbaycanda məcburi köçkünlər üçün 10 yeni bina tikilir
13 Sentyabr 2010 Bazar Ertəsi 15:25
612 mənzilli 5 mərtəbəli binalar Yevlaxda inşa edilir.
Azərbaycanın Yevlax şəhərində məcburi köçkünlər üçün 612 mənzilli 10 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət şəhərcik salınır. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhərcik məcburi köçkünlərin sosial inkişaf fondunun sifarişi əsasında Dövlət Neft Fondundan ayrılan vəsait hesabına inşa olunur. Yeni yaşayış massivi üçün 10 hektar ərazi ayrılıb.
Binalarla yanaşı qəsəbədə sosial obyektlərin tikintisi də nəzərdə tutulub. Tikintinin baş texniki nəzarətçisi Teyyub Hüseynovun sözlərinə görə, qəsəbədə 440 yerlik məktəb binasının, 50 yerlik uşaq baxçasının, klub icma mərkəzi və köməkçi binaların tikintisi nəzərdə tutulub.
Şəhərciyin kommunikasiya xəttləri də ən müasit tələblərə uyğun olaraq tikilir. "Binaların, qaz təchizatı, kanalizasiya sistemi, isti-soyuq su sisteminin çəkilişi, eyni zamanda istilik şəbəkəsinin tikintisi də yekunlaşmaq üzrədir. Bütün, binalar, sosial obyektlər, hətta köməkçi binalar mərkəzləşmiş istilik sistemi vasitəsiylə qızdırılacaq. Binaların hamısına isti-soyuq su çəkilir", deyə T.Hüseynov bildirib.
Şəhərciyi içməli su ilə təmin etmək üçün 4 subartezian quyusu qazılıb, hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı tikilib. Elektrik enerjisi yeni yaşayış massivində inşa olunacaq 2 ədəd transformator yarımstansiya vasitəsiylə veriləcək.
Qeyd edək ki, inşaat işlərinə 10-dan artıq şirkət və 1500-ə qədər işçi cəlb olunub. Yeni yaşayış massivindəki evlərə Yevlax şəhərində və rayonun Aran qəsəbəsi ərazisində məskunlaşan məcburi köçkünlər yerləşdiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: