Azərbaycanda dəfn mərasimləri ilə bağlı qanun layihəsi hazırlanıb
08 Oktyabr 2010 Cümə 12:15
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov belə deyib.
“Azərbaycan müstəqillik qazandıqdan sonra Küveyt 73, Türkiyə 21, Səudiyyə Ərəbistanı tərəfindən isə 1 məscid, daxili imkanlar hesabına isə çoxlu sayda məscid tikilib”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

H. Orucov bildirib ki, komitə məscidlərin fəaliyyətinin qanuniləşdirilməsi ilə də məşğuldur: “Bundan sonra dini ibadət yerlərinin tikintisi yalnız komitənin rəyi əsasında həyata keçirilə bilər”.

Onun sözlərinə görə, Azərbaycanda bir məscid belə sökülməyib: “Azərbaycanda qanunsuz tikili sökülüb. Bundan sonra isə məscid adı ilə qanunsuz tikililərin inşasına icazə verilməyəcək. Ora xərclənən pullar aydın, pak olmalıdır. İnşaya icazə verənlər 1990-cı illərdə qalıblar. Onların əksəriyyəti artıq vəzifədə deyillər. Əlbəttə, onların da bəzi səhvləri olub. Bəziləri isə ola bilsin, bunu məqsədyönlü ediblər”.

Nəzir qutuları ilə bağlı məsələyə də münasibət bildirən H. Orucov deyib ki, bu məsələyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən nəzarət edilir: “Amma Qafqaz Müsəlmanları İdarəsi nəzir qutularının hamısına nəzarət edə bilmir. Bu məsələnin tənzimlənməsinə başlanıb. Bir qədər sonra bununla bağlı daha müfəssəl məlumat verilə biləcək. Yəqin ki, ziyarətgahlar da dini icmalar kimi fəaliyyət göstərəcək və icmalar tərəfindən nəzarət ediləcək”.

H. Orucov qəbiristanlıq təsərrüfatı ilə bağlı məsələyə münasibət bildirib: “Artıq dəfn mərasimləri ilə bağlı qanun layihəsi hazırlanıb. Qanunun qəbulundan sonra ciddi dəyişikliklərin baş verəcəyinə inanıram”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar