Azərbaycanda ceyranlar peykdən izlənilir
14 Yanvar 2011 Cümə 11:50
Qobustan-Cəngiçay ərazisinə buraxılan ceyran sürüsü iki hissəyə bölünüb.
Qobustan-Cəngiçay ərazisinə üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ilk ceyranların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar əldə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, 21 başdan ibarət olan ceyran dəstəsi iki sürüyə bölünərək ərazidə məskunlaşıblar.

Ən son əldə edilən peyk məlumatlarına əsasən, hazırda ceyranların birinci qrupu Güzdək qəsəbəsinin cənub-qərb, ikinci qrupu isə Abşeron rayonunun Cəngi kəndinin şimal-qərb istiqamətində müşahidə olunur. Hərəkət istiqamətlərindən asılı olaraq nazirliyin əməkdaşları tərəfindən ceyranların süni yem və su ilə təminatı həyata keçirilir.

Qeyd edək ki, layihə çərçivəsində mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem təlabatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqlarla (motosikllər, atlar, simsiz rabitə vasitələri və s.) təchiz edilməsi üçün intensiv işlər görülüb. Həmçinin, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdəki qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri aparılıb, yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulub. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar