Azərbaycanda burulğan olub
06 Avqust 2010 Cümə 11:05
Azərbaycanda burulğan olub. Bu cür hadisələrin təkrarlanacağı istisna olunmur.
Azərbaycanda toz burulğanı baş verib. Burulğan avqustun 3-ü Maştağada, 4-ü isə Zabratda müşahidə edilib. Baş verən təbiət hadisəsi sakinləri təşvişə salıb. Mütəxəssislər isə narahatlığa əsas görmürlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Depratmentinin direktor müavini Sahib Xəlilovun sözlərinə görə, sadəcə olaraq bu, Azərbaycan üçün nadir təbiət hadisəsi hesab edilir və burulğanın insanların həyatları üçün təhlükəsi yoxdur. O, bu cür hadislərin kiçik səpkidə respublikanın Aran rayonlarında bir neçə dəfə baş versə də, Abşeron ərazisində müşahidə edilmədiyini qeyd edib.

Amma bununla belə Maştağa və Zabrat qəsəbəsində baş verən toz bulurğanını nəyinki Abşeronda, hətta ölkə üzrə anomal hadisə kimi qiymətləndirilir. Mütəxəssis toz burulğanının səbəbinin torpağın üst qatının qeyri-sabit qızması nəticəsində yaranan lokal temperatur fərqi olduğunu bildirib.

Qeyd edək ki, buna bənzər təbiət hadisələri əsasən, Sakit okean sahillərində müşahidə olunur. Məsələn, ABŞ, Kuba, Meksika kimi ölkələrdə hər il minlərlə insan bu dəhşətli təbiət hadiəsindən canını qurtarmaq üçün ev-eşiyindən didərgin düşür, təsərrüfat dağılır, dövlətə milyonlarla ziyan dəyir. Ancaq Azərbaycanda baş verən bulurğan daha çox Orta Asiya ölkələri üçün xarakterik hesab edilir. Sahib Xəlilov bu cür burulğanların Amerikada baş verən qasırğaların fonunda daha az dağıdıcı olduğunu bildirir.

İsti hava şəraitinin hələ yaxın on gün müddətində də davam edəcəyini nəzərə alaraq hidrometeroloqlar belə hadislərin təkrarlanmasını istisna etmir.

Burda diqqəti çəkən daha bir məqam bulurğan şiddətlənərkən səmada müxtəlif rənglərin peyda olmasıdır ki, S.Xəlilov burada da qeyri-adi heçnə görmür. Onun sözlərinə görə, buna səbəb göyə sovrulan qum dənəciklərində Günəş şüalarının müxtəlif cür əks edilməsidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar