Azərbaycanda 4 milyon 602 min qadın var
05 Mart 2011 Şənbə 01:31
Nəsilvermə qabiliyyətinə malik qadınların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib
Azərbaycanda qadınlar 2011-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46 faizi qızlardır.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri qadınların sağlamlığıdır. Hazırda ölkədə 31 doğum evi, 316 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 il yüksək olaraq 76,2 yaşa bərabərdir.

Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.

Milli Məclisdə qadın millət vəkillərinin də sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar