Azərbaycanda 3-cü həyat sığortası şirkəti yarandı
15 Fevral 2011 Çərşənbə Axşamı 15:18
Maliyyə Nazirliyi "PAŞA Həyat Sığorta"na həyat sığortası üzrə fəaliyyət göstərmək üçün beş il müddətinə lisenziya verib
Maliyyə Nazirliyi "PAŞA Həyat Sığorta" ASC-yə həyat sığortası üzrə fəaliyyət göstərmək üçün beş il müddətinə lisenziya verib. Nazirliyin Dövlət Sığorta Nəzarət Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, Azərbaycanın sığorta bazarında həyat sığortası üzrə ixtisaslaşmış üçüncü şirkət olacaq.
Xatırladaq ki, bu gün Azərbaycanda iki həyat sığortası şirkəti - "Atəşgah Həyat" və "Qala Həyat" fəaliyyət göstərir. "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2011-ci ilin martından yalnız ixtisaslaşmış şirkətlər həyat sığortası ilə məşğul ola bilərlər.
Qeyd edək ki, "Paşa Holding" qrupuna daxil olan "Paşa Sığorta" korporativ və fərdi müştərilərə 31 növ sığorta xidməti göstərir. "Paşa Sığorta" 28 milyon manatlıq məcmu aktivi ilə kapitallaşdırma həcminə görə ölkənin üç aparıcı sığortaçısı sırasına daxil olmaqla, eyni zamanda, ölkənin sığorta sektorunda biznesin rentabelliyinin ən yüksək göstəricilərini saxlayır. Şirkətin nizamnamə kapitalı 20 milyon manat təşkil edir. 2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.
DOSTLARINLA PAYLAŞ: