Azərbaycanda 3 aya 34 ixtiraya patent verilib
22 İyun 2010 Çərşənbə Axşamı 10:15
İxtiralar arasında torpaq becərmək üçün alət, daşlı torpaqları becərmə üsulu, hidrogenin alınması üçün katalizator və s var.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin ilk 3 ayı ərzində komitə tərəfindən 34 ixtiraya, 3 faydalı modelə, 10 sənaye nümunəsinə patent verib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qurumun rəsmi nəşri olan “İxtiralar. Faydalı modellər. Sənaye nümunələri” bülleteninin yeni sayı dərç edilib. Blütendə Azərbaycan Respublikasının dövlət reyestrinə daxil edilmiş ixtira, sənaye nümunəsi, faydalı model patentləri haqqında ətraflı məlumatlar daxil edilib.
İxtiralara misal olaraq suvarma şırımları açmaq və torpaq becərmək üçün alət, daşlı torpaqları becərmə üsulu, ticarət nəqliyyat qoşqusu, diş protezinin hazırlanması üsulu, hidrogenin alınması üçün katalizator, fosfor-kaliumlu gübrənin alınması üsulu, dizel yanacağının alınma üsulu, benzinlərin saxlanması zamanı buxarlanma itkilərinin azaldılması üsulu, suaşıran bənd, maqnitoelektrik mühərrik və s göstərmək olar.
Külək enerji qurğusu, qoruyucu qurğulu siyirtmə, xam pambığın qurudulması və təmizlənməsi üçün qurğu isə faydalı model olaraq reyestrə daxil edilib.
Patent almış sənaye nümunələrinə misal kimi müxtəlif qablaşdırma qutularını, butulkaları, havanın dezodorasiya edilməsi üçün qurğuları, ictimai nəqliyyat dayanacağı üzərindəki talvarın müxtəlif variantlarını göstərmək olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: