Azərbaycan və Monteneqro arasında viza götürüldü
26 Noyabr 2010 Cümə 17:20
Bu, diplomatik və xidməti pasportlara malik şəxslərə aid edilir
Bu gün nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Monteneqro arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi və turizm sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir E.Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət və təhsil sahələrində də münasibətlərin inkişaf etdirilməsinin və təcrübə mübadiləsinin aparılmasının vacib əhəmiyyət kəsb etdiyini bildirib. E.Məmmədyarov monteneqrolu həmkarına Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıq prosesi barədə məlumat verib.
Monteneqronun Xarici İşlər naziri M.Roçen Azərbaycanda surətli inkişafın şahidi olduğunu qeyd edib və Moneneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirib. Nazir M.Roçen iki ölkə arasında görüşlərin və təmasların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Həmçinin nazir Roçen öz həmkarını Monteneqroya səfər etməyə dəvət edib. Dəvət məmnuniyyətlə qəbul olunub.
Tərəflər iki ölkə arasında təmasların və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılaşıblar. Görüşün sonunda Azərbaycanın və Monteneqronun Xarici İşlər nazirləri “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolu” imzalayıblar.
DOSTLARINLA PAYLAŞ: