Azərbaycan və Belarus arasında məsləhətləşmə keçirib
10 Dekabr 2010 Cümə 17:50
Görüşdə konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı, regional və digər məsələlər müzakirə olunub
Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məsləhətləşmələr dekabrın 9-10 tarixlərində keçirilib.

9 dekabr 2010-cu il tarixində Belarus Respublikası Xarici İşlər Nazirliyi Baş Konsulluq idarəsinin rəisi Aleksandr Ostrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini xarici işlər nazirinin müavini cənab Nadir Hüseynov qəbul edib. Görüşdə Azərbaycanla Belarus arasında konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı, regional və digər məsələlər müzakirə olunub. Nazir müavini konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib və sözügedən sahənin inkişaf etdirilməsi üçün ölkələrarası konsulluq məsləhətləşmələrinin keçirilməsinin vacibliyini vurğulayıb.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belarusda yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə Belarusda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vəziyyəti, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iki ölkə ərazisində hüquqi vəziyyəti, Belarus Respublikasının ərazisində daimi yaşayan vətəndaşlarımızın pensiya təminatı, vətəndaşlıq, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər, miqrasiya problemləri və readmissiya kimi vacib məsələlər müzakirə edilib.

Müzakirələrdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak edərək müzakirə olunan məsələlərə dair fikir və təkliflərini bildiriblər.

Azərbaycan tərəfdən məsləhətləşmələrdə nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəis əvəzi Mehriban Nəcəfova, Belarus nümayəndə heyətinə Aleksandr Ostrovski rəhbərlik ediblər.

Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.
Azərbaycan Respublikası və Belarus Respublikası Xarici İşlər Nazirliklərinin bundan əvvəlki konsulluq məsləhətləşmələri 18-19 dekabr 2007-ci ildə Minsk şəhərində keçirilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar