Azərbaycan Ukraynaya qaz və neft nəqlini artırmağa hazırdır
27 Noyabr 2010 Şənbə 02:15
Azərbaycandan Ukraynaya nəql edilən neftin həcmi birdən-birə beş dəfə artırıla bilər
Azərbaycanda Ukraynaya xam neft nəqlini beş dəfə artırmağı nəzərdə tutan dövlətlərarası layihələr işlənib. Bunu Yaltada jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Ukraynaya neft nəqlini ildə 5 milyon tona, qaz nəqlini isə 5 milyard kub metrə çatdırmağa hazırdır. Natiq Əliyv deyib ki, bu ilin əvvəlindən Azərbaycan Ukraynaya 1 milyon ton neft və 150 min ton neft məhsulları ixrac edib. 2009-cu ildə isə ixrac olunan neftin həcmi 560 min ton təşkil etmişdi.
“Biz Azərbaycandan Ukraynaya neft emalı zavodlarında emal edilməsi üçün sabit, dayanıqlı və və saz neft nəqli dəhlizləri yaratmaq istəyirik. Bu gün bizim bunun üçün imkanlarımız var”-deyə sənaye və energetika naziri bildirib.
Xatırladaq ki, oktyabrın sonlarında Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ukraynaya neft nəqlini artırmağı planlaşdırır. Ukraynanın dövlət başçısı Viktor Yanukrviç isə demişdi ki, tərəflər enerji daşıyıcıları nəqlinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan strateji müqavilənin hazırlanması üçün işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Natiq Əliyev Yaltada jurnalistlərə onu da deyib ki, Azərbaycanın Ukrayna ilə energetika sahəsində başqa əməkdaşlıq planları da var. Söhbət ilk növbədə enerji daşıyıcılarının birgə emalı və Ukraynanın enerji sahəsində obyektlərin alınmasından gedir. Natiq Əliyevin sözlərinə görə, bu planların razılaşdırılması Azərbaycan və Ukraynanın birgə idarəemə strukturlarını yarada bilməsindən asılıdır.
DOSTLARINLA PAYLAŞ: