Azərbaycan Ombudsmanı rusiyalı həmkarına müraicət edib
17 Dekabr 2010 Cümə 20:45
Elmira Süleymanova Moskvadakı hadisələrlə bağlı Vladimir Lukinə məktub ünvanlayıb
Azərbaycan Ombudsmanı Elmira Süleymanova son günlərdə Moskvada baş vermiş qarşıdurmalar, iğtişaşlarla bağlı narahatlığını ifadə edərək, Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində kömək göstərilməsi məqsədilə rusiyalı həmkarı Vladimir Lukinə müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, E.Süleymanova 11 dekabr 2010-cu il tarixdə Moskvada baş vermiş iğtişaşlarla bağlı dərin narahatlığımı bildirib. O həmçinin ümid edib ki, Rusiya Federasiyası rəhbərliyinin və Moskva hökumətinin qeyri-rus millətlərinə qarşı iğtişaşların, zorakılıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi qanuni tədbirləri yaxın müddət ərzində bu istiqamətdə qayda-qanunun bərpasına və belə hadisələrin təkrar olunmasının qarşısının alınmasına zəmanət verəcək.
"Yüksək şəxsi nüfuzunuzu nəzərə alaraq, sizə və RF-nin subyektlərinin insan hüquqları üzrə müvəkkillərinə Moskvanın Manej meydanında baş verən hadisələrin arzuolunmaz nəticələrinin aradan qaldırılması, qeyri-rus millətlərinin nümayəndələrinin, o cümlədən azərbaycanlıların insan hüquqlarının müdafiəsi, onların Rusiyada təhlükəsiz yaşamasının təmin olunması üçün təcili tədbirlər görülməsi xahişi ilə müraciət edirəm. Bununla yanaşı, Rusiyada tarixən yaradılmış, müxtəlif xalqların nümayəndələrinin, o cümlədən Azərbaycan xalqının da öz töhfələrini verdiyi millətlərarası xoşməramlı münasibətlərin qorunub saxlanması və davam etdirilməsi bu gün olduqca zəruridir. İnanıram ki, bu iğtişaşların təşkilatçıları və iştirakçıları layiqli cəzalarını alacaq, azərbaycanlıların Rusiya ərazisində təhlükəsiz yaşamasının təmin olunması üçün həyata keçiriləcək tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsinə, eyni zamanda ölkələrimizdə insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edəcək", - deyə ombudsmanın məktubunda vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: