"Azərbaycan" Nəşriyyatı 9 qəzetə rəsmi xəbərdarlıq edib
03 Avqust 2010 Çərşənbə Axşamı 22:40
"Azərbaycan" Nəşriyyatı 9 qəzetə rəsmi xəbərdarlıq edib. Onlardan borcların ödənilməsi tələb olunur.
"Azərbaycan" Nəşriyyatı qəzetlərdən borclarını ödəməyi tələb edir və buna görə də bir sıra qəzetlərə rəsmi xəbərdarlıq edib. Bəzi qəzetlər borclarını qismən ödəyərək fəaliyyətlərini davam etdirməklə bağlı Nəşriyyatla razılığa gəlsələr də, buna imkanı çatmayan mətbu orqanları tətilə gedib.

Konkret olaraq “Azərbaycan” Nəşriyyatı artıq 9 mətbu orqana rəsmi xəbərdarlıq edib. Bunların arasında “Azadlıq”, “Bakı-Xəbər”, “525-ci qəzet”, “Ədalət”, “Şərq” qəzetləri də var. Nəşriyyatın xəbərdarlığından sonra “Bakı-Xəbər” və “Şərq” qəzetləri bir həftəlik tətilə çıxıb. Digər qəzetlər isə Nəşriyyat rəhbərliyi ilə danışıqlar apardıqdan sonra borclarının qismən ödənilməsinə söz veriblər.

Rəsmi xəbərdarlıqdan sonra bu gün çap olunmayan “Azadlıq” qəzeti artıq sabahdan satışda olacaq. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin sözlərinə görə, qəzetlə “Azərbaycan” Nəşriyyatı arasında problem həll olunub və qalan borclarını ödəyəcəklərinə söz veriblər: “Nəşriyyat rəhbərliyi ilə danışıqlarımız oldu. Son gün yarım ərzində nəhayət anlaşa bildik. Borc məsələsi var. Bunlar əsasən 2000-2005-ci ildən yığılıb qalmış çap xərclərindən ibarət idi. Biz həmişə çalışırıq ki, o borclar azalsın. Son 1 ildə isə hər ay ödəməli olduğumuzdan da bir az çox ödəyirdik ki, borc azalsın. Əslində azaltmışdıq. 16-17 min borc xərcləri qalmışdı. Onu müəyyən hissəsini ödədik və razılaşdıq ki, qalan borcları da əvvəl necə edirdiksə, elə bir qədər intizamlı şəkildə də edək”.

Nəşriyyatın bu xəbərdarlığını prezident İlham Əliyevin Milli Mətbuatın 135 illiyi ilə əlaqədər olaraq qəzetlərə ayrılımış vəsaitdən sonra aktuallaşdığını deyən Qənimət Zahid məhz bu məbləğ hesabına da borclarının bir qismini ödədikdən sonra nəşriyyata 10 minə qədər boclarının qaldığını bildirib. Qənimət Zahidin sözlərinə görə, yardımdan ayrılmış pulun bir hissəsini qəzetin kollektivinə paylayacaq, qalan hissəsi ilə isə nəşrin texniki problemlərini həll edəcəklər.

Nəşriyyata borcu olan “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın sözlərinə görə, borcla bağlı onlara 1 həftəyə yaxındır ki, xəbərdarlıq edilib. Prezidentin Ehtiyat Fondundan ayrılmış məbləğin bir hissəsini nəşriyyata ödədikdən sonra qəzetlə qurum arasında problem həllini tapıb. İradə Tuncay bundan sonra “Ədalət” qəzetinin nəşriyyata 10 mindən artıq borcu qaldığını deyir: “Mən burada problem görmürəm. Borcdursa, qaytarmaq lazımdır. Qəzetlərin də problemləri varsa, nəşriyyatıin da probemi var. Bizə sadəcə olaraq bir az vaxt lazımdır, yoxsa başqa problem görmürəm. Ayrılımış vəsait bu günün problemləri üçün nəzərdə tutulmuşdu. Belə durum bıçağa dirənmişdirsə, biz həmin pulun bir qismini nəşriyyata ödəyəcəyik”.

Azərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayilovanın ANS-ə verdiyi məlumata görə, xəbərdarlıq quruma ən çox borcu olan KİV-lərə edilib. Yığılan pulların əsasən son illərin borcu olduğunu deyən Bəsti İsmayılova mütəmadi olaraq qurumun qəzetlərə xəbərdarlıq etdiyini və hər ayın sonunda hər mətbu orqanın nə qədər borcu olduğuna dair hesabat verildiyini bildirib. Bu xəbərdarlığın qəzetlərə prezidentin Ehtiyat Fondundan ayrılımış pulla eyni vaxta düşməsini Bəsti İsmayılova təsadüf adlandırmayıb. Onun sözlərinə görə, sadəcə olaraq bununla Nəşriyyat qəzetlərə borclarının olduğunu bir daha xatırlatdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar