Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb
20 Dekabr 2010 Bazar Ertəsi 11:40
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. APA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri öz təxribatını davam etdirməkdədir.
Belə ki, dekabrın 17-i saat 21.30 radələrində düşmən tərəfindən atılan artilleriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib.

Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb.

Mərminin 15-16 km uzaqlıqdan buraxıldığı etimal edilir. Gecə şəraiti olduğundan onun uçuş izi alova görə müşayiət olunub. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmayıb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqların gərgin vəziyyətdə olduğu bir vaxtda Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini bu cür kobud şəkildə pozması yaxşı nəticələrə gətirib çıxarmayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar