Azərbaycan Kosta Rikaya ilk səfirini təyin edib
30 Noyabr 2010 Çərşənbə Axşamı 10:45
Meksikadakı səfir eyni zamanda Kosta Rikada səfir kimi fəaliyyət göstərəcək
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rika Respublikasında səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rika prezidenti Laura Çinçiya Miranda və xarici işlər və dini məsələlər naziri Rene Kastro Salasara təqdim elb. Azərbaycanın Meksikadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Prezident Laura Çinçiya ilə görüş zamanı, səfir İ.Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin öz həmkarına olan salamlarını çatdırmış və Azərbaycanın Kosta Rikadakı ilk səfiri vəzifəsində çalışacağı müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün mümkün olduğu qədər səy göstərəcəyini bildirib.

Görüşlər əsnasında, səfir İ.Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsinə toxunaraq, işğal edilmiş ərazilər və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib. Səfir İ.Muxtarov bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır və eyni zamanda, Azərbaycana münasibətdə də beynəlxalq ictimaiyyət tərəfindən müvafiq prinsipal mövqeyin nümayiş etdirilməsini vacib hesab edir.

Prezident Laura Çinçiya öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişə ilə əlaqədar mövqeyini dəstəklədiyini bildirib.

Görüşdən sonra, Səfir İ.Muxtarov tərəfindən etimadanmənin təqdim edilməsi ilə əlaqdar xüsusi ayrılmış mərasim çərçivəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səfir İ.Muxtarov Kosta Rikaya səfəri çərçivəsində, həmçinin Kosta Rikanın Diplomatiya İnstitutunun Direktoru Xose Xakin Çaverri Sievert ilə görüşüb. Görüş zamanı, iki ölkənin diplomatik təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, iqamətgahı Mexiko şəhərində olmaqla Azərbaycanın eyni zamanda Kosta Rikadakı səfiri vəzifəsinə təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar