Azərbaycan ilə İtaliya arasında saziş imzalanıb
08 Dekabr 2010 Çərşənbə 01:35
Vizasız gediş-gəliş diplomatik və xidməti pasportlara malik şəxslər üçün keçərlidir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İtaliyanın xarici işlər nazirinin müavini, senator Alfredo Mantikanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Elmar Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirib. Azərbaycanın xarici işlər naziri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu deyib.
Alfredo Mantika İtaliyanın Azərbaycan ilə yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə hər iki ölkənin parlamentləri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub. Avropa İttifaqı çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən tərəflər xüsusda “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayıblar.
Sonda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və onun italiyalı həmkarı A.Mantika “Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikasının hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş” imzalayıblar.
DOSTLARINLA PAYLAŞ: