Azərbaycan güclü regional dövlətdir
25 Dekabr 2010 Şənbə 01:00
Prezident: “Azərbaycanın iştirakı, yaxud müsbət münasibəti olmadan bölgədə heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz”
“Azərbaycan artıq güclü regional dövlətdir. Azərbaycanla hesablaşmamaq mümkün deyil”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib. Onun sözlərinə görə, Azərbaycanın iştirakı, yaxud müsbət münasibəti olmadan bu bölgədə istər siyasi, istərsə də iqtisadi və başqa heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz: “Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb və getdikcə imkanlarımız daha da genişlənəcək. Çünki çox yaxşı bilirik ki, bizi nələr gözləyir. Bizim gələcəyimizin təməli bax, bu illərdə qurulur. Bu gün görülən işlər, iqtisadiyyata qoyulan investisiyalar, neft-qaz, infrastruktur layihələri gələcəyə yönəldilib. Azərbaycan xalqının uzunmüddətli, uğurlu, dayanıqlı inkişafının təməli bu günlərdə qoyulub. Bu möhkəm təməl üzərində ölkəmiz daha da güclənəcək və qarşımızda duran bütün vəzifələr həllini tapacaq”.
Dbvlət başçısı 2010-cu ilin yekunlarına da toxunub: “Çox sevindirici haldır ki, 2010-cu il də ölkəmiz üçün uğurlu il olub. Həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli və həm də yoxsulluğun azaldılması baxımından, qarşıda duran bütün vəzifələr icra edildi. Baxmayaraq ki, 2010-cu il bizim üçün o qədər də yaxşı başlamamışdı. Bilirsiniz ki, təbii fəlakətlə üzləşmişdik, iqtisadi böhran öz mənfi nəticələrini göstərməyə davam etmişdi. Buna baxmayaraq, biz bütün sınaqlardan şərəflə çıxdıq, 2010-cu ili uğurla başa vururuq və 2011-ci il üçün artıq konkret proqramlarımız və iş cədvəlimiz var”.
DOSTLARINLA PAYLAŞ: