Azərbaycan ərazisində çiskinli və yağmurlu hava proqnozlaşdırılır
20 Oktyabr 2010 Çərşənbə 12:10
Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında günün birinci yarısında havan tutqun keçəcəyi, bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında isə arabir açılacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 19-22, axşam 15-17 dərəcə isti olacaq.

Oktyabrın 21-də gecə və səhər havanın tutqun olacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq, cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-22 dərəcə isti olacaq.

Oktyabrın 22-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru yağış yağacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb, şimal küləyi ilə əvəzlənəcək, axşama doğru arabir güclənəcək. Gecə 14-16, günün birinci yarısında 20-23, günün ikinci yarısında 15 dərəcəyə yaxın olacaq.

Oktyabrın 23-də havanın tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək, axşam mülayimləşəcək. Gecə 10 dərəcəyə yaxın, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 21-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.

Oktyabrın 22-23-də hava, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 22-də günün ikinci yarısında qərb rayonlarından başlayaraq, 23-də isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, 22-də axşam və 23-də bəzi yerlərdə arabir güclənəcək. Gecə 10-14, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 8-11 dərəcə isti olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar