Azərbaycan dünyada idman dövləti kimi tanınır
28 Dekabr 2010 Çərşənbə Axşamı 00:25
“Ölkədə 11 olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur”
“Azərbaycan dünyada idman dövləti kimi tanınır, artıq bir neçə ildir ki, uğurlarımız qeyd edilir. Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik”. Bunu Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində (MOK) 2010-cu ilin yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilib. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və Azərbaycanın imkanları bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır: “İdmanın inkişafı özünü müxtəlif istiqamətlərdə büruzə verir. Ancaq onların arasında ən vacib amil əlbəttə ki, medalların sayıdır. 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanıblar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır. İdmançılarımız müxtəlif yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ölkəmizi şərəflə təmsil ediblər və Azərbaycanın idman şöhrətini qaldırıblar. Mən çox şadam ki, gənc idmançılarımız yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında çox böyük uğura nail olublar. 204 ölkə içində idmançılarımız 11-ci yeri tutuçlar və İslam ölkələri arasında birinci sıradadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır. Gənc idmançıların uğurlu çıxışı bizə əsaslı ümid verir ki, bir neçə ildən sonra gənclərimiz ölkəmizi dünya çempionatlarında, Olimpiya Oyunlarında təmsil edəcəklər. Olimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi uğurlar bizim üçün idmanda, idman yarışlarında əsas vəzifədir. Gənc nəslin yetişdirilməsi üçün ölkəmizdə aparılan siyasət çoxşaxəlidir. Burada biz fəaliyyətimizi təkcə idman sahəsi ilə məhdudlaşdırmırıq. Uğurları təmin etmək üçün ümumiyyətlə gənclərdə, o cümlədən idmançılarda möhkəm iradə olmalıdır, vətənpərvərlik ruhu yüksək səviyyədə olmalıdır, vətən sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri aşılayırıq. Azərbaycanda bu sahədə işləri yüksək qiymətləndirirəm”.
Prezident bildirib ki, Azərbaycan cəmiyyəti və onun vacib hissəsi olan gənclər bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər: “İdman isə o sahədir ki, burada nəticələr bəlkə də özünü daha da qabarıq və açıq şəkildə büruzə verir. İdmanda qazanılmış qələbə ölkənin qələbəsi sayılır. Təsadüfi deyil ki, Olimpiya Oyunlarında və başqa yarışlarda ölkələr bir-biri ilə rəqabət aparırlar. Ona görə yeniyetmələrimizin dünya miqyasında böyük idman dövlətlərini geridə qoyub 11-ci yeri tutması tarixi hadisədir. Mən çox şadam ki, dünya idman ictimaiyyəti də bizdə idmanla bağlı gedən bu proseslərə çox böyük maraqla yanaşır, uğurlarımız artıq tanınır və qiymətləndirilir”.
Dövlət başçısının sözlərinə görə, 2010-cu ildə bu uğurlarla bərabər, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ənənəvi olaraq vacib addımlar atılıb: “Bu il dörd olimpiya idman kompleksi istismara verilmişdir. Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində müasir idman kompleksləri istifadəyə verilib. Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi istismara verilib. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini demək olar ki, daha da müasir keyfiyyətdə bərpa edib. Bildiyiniz kimi, Mingəçevir Olimpiya avarçəkmə bazası Sovet İttifaqında yaşamış idmançılara xidmət göstərirdi və o bazanın nadir iqlim şəraiti avarçəkmə ilə məşğul olanların hamısını ora cəlb edirdi. Uzun illər ərzində baza yararsız vəziyyətdə qalırdı və biz onun bərpası üçün müxtəlif imkanlar axtarırdıq, o cümlədən xarici maliyyə dəstəyini cəlb etməyə çalışırdıq. Ancaq nəticədə Azərbaycan dövləti avarçəkmə bazasını dövlət büdcəsi hesabına ən müasir səviyyədə təmir etdi, onu demək olar ki, yenidən qurdu. Orada çox gözəl mehmanxana, idman qurğuları, üzgüçülük hovuzu, trenajor zalları yaradılıb, gözəl park salınıbdır. Bu, nəinki avarçəkmə idman növünün inkişafı üçün, eyni zamanda, turizm obyekti kimi öz gözəlliyi və funksional tərəfi ilə fərqlənən beynəlxalq avarçəkmə bazasıdır”.
İlham Əliyev deyib ki, 2011-ci ildə bu tikinti-quraşdırma işləri davam etdiriləcək: “On bir olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaq. Bu proqram ardıcıl şəkildə icra edilir. Qeyd etmək istəyirəm ki, idmanla məşğul olan qurumlar - həm Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bu il fəal işləmişlər, birgə işləmişlər. Biz hamımız vahid məqsədə xidmət edirik. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idman uğurlarımız daha da artsın, idmançılara dövlət tərəfindən qayğı artsın, idman veteranları da yaddan çıxmasın. Son illər ərzində bütün bu istiqamətlərdə aparılan işlər, tədbirlər bugünkü reallıqları mümkün edib”.
“Mən inanıram ki, 2011-ci il bu gözəl ənənələrin davam etdirilməsi üçün uğurlu il olacaq, o cümlədən idman sahəsində”-deyən dövlət başçısının sözlərinə görə, 2011-ci il 2012-ci ilin Yay Olimpiya Oyunlarının hazırlanması üçün həlledici il olacaq: “Çoxsaylı lisenziya turnirləri keçiriləcək və Olimpiadaya hazırlıq dövrünün sonuncu ilidir. Əlbəttə, biz bu amili nəzərə almalıyıq. 2011-ci ildə səylərimizi daha da gücləndirməliyik. Halbuki 2009-cu il - Olimpiadadan sonrakı bir il bizim üçün nə qədər vacib idisə, 2011-ci il də o qədər vacibdir. Əlbəttə Olimpiya oyunları idman sahəsində müəyyən dövrün ən əsas hadisəsidir. Ancaq bununla bərabər, bütün idman qurumları gündəlik fəaliyyətlərində çalışırlar ki, biz qarşıya qoyulan məqsədə çataq. Mən əminəm ki, gələn il də idmanımız üçün uğurlu il olacaq. İdmançılarımız, yeniyetmələrimiz, gənclərimiz ölkəmizi dünyada ləyaqətlə təmsil edəcəklər və biz idmançılarla görüşəcəyik, idmançıların qələbələrinə sevinəcəyik. Əminəm ki, biz 2011-ci ili də uğurla başa vuracağıq”.
DOSTLARINLA PAYLAŞ: