Azərbaycan diasporu Amerikada fəal iş aparır
06 Yanvar 2011 Cümə Axşamı 23:05
Məqsəd ayrı-ayrı ştatlarda 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi elan edilməsidir
ABŞ-ın Nevada ştatının ardınca digər ştatların da 31 Martı azərbaycanlıların soyqırımı günü kimi elan etməsi ilə bağlı Amerikadakı Azərbaycan diasporu fəal iş aparır. Bunu Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun üzvü, "Amerikanın səsi" teleradio şirkətinin Azərbaycan redaksiyasının rəhbəri Bulud Mehmandarlı ANS-ə açıqlamasında bildirib. O, soyqırım qərarı ilə bağlı qubernatorun qərar çıxarması mexanizmini də açıqlayıb.

“Biz məsələ ilə bağlı qubernatorun ofisinə sənədlər təqdim olunur və ondan bununla bağlı bəyanat verilməsi xahiş olunur. Qubernator müraciəti qənaətbəxş hesab etdikdə, bununla bağlı sərəncam verə bilir”,- deyə Bulud Mehmandarlı bildirib.

Birləşmiş Ştatlardakı Azərbaycan diasporu ilk növbədə Azərbaycan barəsində geniş təsəvvürü olan ştatlarla iş aparır. Belə ştatlar indiyədək müxtəlif səviyyələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün tanıdıqlarını ifadə edib. Bulud Mehmandarlının sözlərinə görə, Nyu-York, Pensilvaniya kimi ştatlarda buna bənzər bəyannamələrin qəbul edilməsini gözləyə bilərik.

Milli Məclisin Azərbaycan-ABŞ dostluq qrupunun üzvü Asim Mollazadə də hesab edir ki, Nevada ştatında qəbul olunan qərar digər ştatlar üçün yaxşı nümanə rolunu oynayacaq: “Artıq bu ştatda Azərbaycanla bağlı həqiqətləri çox ciddi bir şəkildə yayıblar, bunun qarşılığı olaraq qubernatorun xüsusi qərarı olub. Yəni artıq ictimai fikir bu qərarı qəbul etdiyinə görə, qubernator bu siyasi addımı ata bilib. Azərbaycana dost qazanmaq lazımdır. Hətta Kaliforniyada güclü olan erməni icması bu ştatın azlığıdır”.

Qeyd edək ki, Nevada ştatının qubernatoru 31 Martın azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qəbul etdiyi qərarı ötən ilin avqustunda versə də, Azərbaycan diasporu bu qərarı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar