AZAL Rusiya istehsalı olan təyyarələrdən imtina edir
23 Dekabr 2010 Cümə Axşamı 21:35
Sabahdan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlar "Aerobus" və "Boinq-757" təyyarələr vasitəsi ilə yerinə yetiriləcək
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) dekabrın 24-dən etibarən Rusiya istehsalı olan təyyarələrin istismarından imtina edir. Sabahdan QSC Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün uçuşları müasir tipli "Aerobus-319", "Aerobus-320" və "Boinq-757" tipli təyyarələrlə yerinə yetirməyə başlayacaq.

İndiyədək bu marşrutda istifadə edilən, Rusiya istehsalı olan "Tu-134" və "Tu-154" tipli təyyarələrin uçuşları isə dayandırılır. Bu barədə "Azərbaycan Hava Yolları" QSC -nin xidmət rəisi Məhərrəm Səfərli bildirib. Xidmət rəisinin sözlərinə görə, yeni təyyarələrin istifadəsi Naxçıvana uçan sərnişinlərin təhlükəsizliyi ilə yanaşı, rahatlığını da təmin edəcək.

Xəttə yeni təyyarələrin buraxılması sayəsində Naxçıvana uçan sərnişinlərin sayı da artacaq. Müvafiq olaraq 70 sərnişin daşıyan "Tu-134" və 140-160 sərnişin tutumu olan "Tu-154" təyyarələrindən fərqli olaraq "Aerobus"lar 122, "Boinq-757" isə 180 sərnişin daşıya bilir.

Bununla yanaşı, M. Səfərli bildirib ki, yeni təyyarələrdən istifadə olunması Naxçıvana uçuş qrafikinə və biletlərin qiymətinə (bir tərəfə 75 manat) təsir etməyib.

Xatırladaq ki, Bakı-Naxçıvan-Bakı təyyarə reysi "Azərbaycan Hava Yolları" QSC-nin Rusiya istehsalı olan təyyarələrlə həyata keçirdiyi yeganə istiqamət idi. Beləliklə, AZAL bundan sonra Rusiya təyyarələrindən istifadə etməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar