AZAL Dubaya gündə iki dəfə uçacaq
08 Dekabr 2010 Çərşənbə 17:05
"Flydubai" isə uçuşların sayını həftədə 3 dəfəyə azaldıb
"Azerbaijan Airlines" milli aviaşirkəti 15 dekabrdan Dubaya uçuş sayını sutkada iki dəfəyə artırır. Onun rəqibi "Flydubai" (BƏƏ) əvvəllər hər gün uçuş təşkil edirdisə, indi onların sayını həftədə 3 dəfəyə azaldıb.

"Yeni illə bağlı 27 dekabrdan yanvarın 2-ə kimi Bakı-Dubay-Bakı marşrutu üzrə bütün biletlər satılıb",- deyə aviabiletlərin satışı üzrə agentliklərin birindən Turan-a bildiriblər. AZAL iki başa bileti 195 manata, Dubaya kimi 167 manata təklif edir. "Flydubai" iki başa bileti 191 manata, bir başa 117 manata satır.

Dubay tələbin çox olduğu məntəqələrdəndir və Azərbaycanın xarici şirkətlərlə paralel uçuşlara icazə verdiyi az istiqamətlərdəndir. Aviabiletlərə rəqabətli qiyməti bununla izah etmək olar. Məsələn, 2009-cu ilin noyabrında "Flydubai" Azərbaycan bazarına girəndə iki başa qiyməti 286 dollara təklif edirdi. AZAL da bu qiymətə uyğunlaşırdı.

Beynəlxalq reyslərdən fərqli olaraq AZAL yerli marşrutlar üzrə biletləri istisnasız sabit qiymətlə satır. Məsələn, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə iki başa bilet 180 manatdır. Bundan 40 manatı dövlət ödəyir. Amma iki başa bilet alan zaman heç bir güzəşt yoxdur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar