“Azadlıq” qəzetinin əməkdaşları “Azərbaycan” Nəşriyyatına buraxılmırlar
02 Avqust 2010 Bazar Ertəsi 17:05
“Azadlıq” qəzetinin əməkdaşları “Azərbaycan” Nəşriyyatının binasına buraxılmırlar. Bu barədə APA-ya qəzetin baş redaktoru Qənimət Zahid məlumat verib.
Onun sözlərinə görə, nəşriyyat rəhbərliyi bunu qəzetin borcunun olması ilə izah edib: “Əslində, bir müddət əvvəl biz nəşriyyat rəhbərliyi ilə anlaşma əldə etmişdik və borcu hissə-hissə qaytarırdıq. Hər ay 400-500 manat ödəyirdik. Sadəcə olaraq, nəşriyyat rəhbərliyi bilir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan bizim qəzetə 20 min manat ayrılıb, istəyirlər ki, həmin pul ayrılan kimi onlara verək. Amma hələ bu pul bizim hesaba köçməyib”. Q. Zahid nəşriyyata olan borcun köhnə borclar olduğunu və 15-16 min manat təşkil etdiyini vurğulayıb. Q. Zahid nəşriyyat rəhbərliyi ilə anlaşmanın əldə olunmasına çalışdığını bildirib: “Əks halda, bütün jurnalist təşkilatlarına müraciət edəcəyik və nəşriyyatın binası qarşısında piket keçirəcəyik”.
Q. Zahid yaranmış problemlə əlaqədar qəzetin sabahkı sayının işıq üzü görməyəcəyini də bildirib.
“Azərbaycan” Nəşriyyatının baş direktorunun müavini Bəsti İsmayılova isə APA-ya açıqlamasında bildirib ki, borcun qaytarılması üçün “Azadlıq” qəzetinin rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib. B. İsmayılova bu borcun həm çap, həm də kommunal xərclər olduğunu vurğulayıb: “Heç olmasa borcun müəyyən hissəsini ödəsinlər. Biz də kollektiv saxlayırıq, onlara maaş veririk. Bir ay deyil, iki ay deyil. Biz həmişə kompromisə getmişik. Bir neçə belə qəzet var, onlara da xəbərdarlıq edilib”. B. İsmayılova qəzet rəhbərliyi ilə kompromisin əldə olunacağına ümid etdiyini və onların nəşriyyatda öz çapını davam etdirəcəyinə inandığını deyib. APA
DOSTLARINLA PAYLAŞ: