AYİB Azərbaycan üzrə yeni strategiyanı təsdiqləyib
09 Dekabr 2010 Cümə Axşamı 16:45
Bankın 2011-ci ildə ölkəmizə 100 milyon dollar sərmayə yatıracağı planlaşdırılır
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üzrə yeni strategiyanı təsdiqləyib. Ölkədə iqtisadi islahatların davam etdirilməsinin vacibliyi vurğulanan sənəddə qeyri-neft sektoruna investisiya qoyuluşunun artırılması, maliyyə sektoru və kiçik müəssisələrin dəstəklənməsi yer alıb. 2007-ci ildən bəri Azərbaycanda orta illik artımın 14,8 faiz təşkil etdiyini bildirən bankın ekspertləri gələcəkdə də inkişafın neft-qaz sektorundan asılı olacağını bəyan edir. Onların fikrincə, Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə qeyri-neft məhsullarının ixracını artımaq üçün işgüzar mühitin yaxşılaşdırılması, rəqabətin stimullaşdırılması və daha çox xarici sərmayələrin cəlbidir.
2010-2013-cü illəri əhatə edən strategiyaya əsasən Avropa Bankı maliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək, korporativ sektora maliyyə və texniki yardım göstərməklə, iqtisadiyyatın şaxələndirilməsinə yardım göstərəcək.
Qeyd edək ki, bankın nümayəndəliyinin rəhbəri Frensis Delay 2011-ci ildə Azərbaycanda kənd təsərrüfatı və emal sənayesinə, həmçinin maliyyə sektorundakı layihələrə təqribən 100 milyon dollar sərmayə yatıracaqlarını bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: