ARDNŞ: "Yanmış binanın yerində yeni bina inşa olunacaq"
02 Mart 2011 Çərşənbə 12:21
Yanğından zərər çəkən sakinlərin hamısı oraya köçürüləcək.
Bakının Qaradağ rayonu Qobustan qəsəbəsinin Kəşfiyyatçılar məhəlləsində Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan 14 saylı binada baş verən yanğından zərər çəkmiş ailələr mənzillə təmin olunacaq. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ARDNŞ-in Sosial İnkişaf İdarəsi, Qaradağ rayon İcra Hakimiyyəti, yerli bələdiyyə və digər müvafiq strukturların nümayəndələri hadisə yerinə baxış keçirib, yanğından zərər çəkmiş sakinlərin köçürülməsi məqsədi ilə təcili tədbirlər planı hazırlanıb. ARDNŞ Sosial İnkişaf İdarəsi tərəfindən həmin sakinlər qısa müddətdə öz istəklərinə uyğun şəkildə müvəqqəti yaşayış yerlərinə köçürülüb. Onların kirayə haqları ARDNŞ tərəfindən ödəniləcək.

Bundan başqa, qısa müddət ərzində yanmış binanın yerində Şirkətin maliyyə vəsaiti hesabına yeni, müasir standartlara uyğun bina inşa olunacaq və sakinlərin hamısı oraya köçürüləcək.

Xatırladaq ki, mənzillərdən birində qısa qapanma nəticəsində başlayan yanğın 200 kvadrat metrdən çox ərazini əhatə edib. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub və yanğının qarşısı alınıb. Buna baxmayaraq 20 ailənin yaşadığı ikimərtəbəli kommunal yaşayış evi taxta konstruksiyalardan tikildiyi üçün bina yararsız hala düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar