ARDNŞ-in vitse-prezidenti Rəfiqə Hüseynzadə oldu
17 Mart 2011 Cümə Axşamı 17:38
Rövnəq Abdullayev Rəfiqə Hüseynzadəyə ilk tapşırıqlarını verdi.
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkət rəhbərliyinin toplantısı keçirilib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ARDNŞ prezidenti çıxış edərək son illər şirkətin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb.

O, Şirkətdə menecment işinin yüksək səviyyədə qurulduğunu və kadr potensialının get-gedə daha da möhkəmləndiyini vurğulayıb, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Rəfiqə Hüseynzadənin ARDNŞ-nin ekoloji məsələlər üzrə vitse-prezidenti təyin edildiyini bildirib. Şirkət prezidenti Rəfiqə Hüseynzadənin neft-qaz sənayesində təcrübəli kadr olduğunu söyləyib, onu yüksək işgüzar keyfiyyətlərə malik rəhbər işçi və istedadlı alim kimi səciyyələndirib.

R. Abdullayev 2010-cu ildə “Ekologiya ili” çərçivəsində Şirkətdə genişmiqyaslı ekoloji layihələrin həyata keçirildiyini və cari ildə də ətraf mühitin mühafizəsi işinin ARDNŞ-də diqqət mərkəzində olacağını qeyd edib və bu istiqamətdə davam etdirilən layihələrdən ətraflı söz açıb. İlk növbədə neftqazçıxarma idarələrində və emal zavodlarında “sıfır tullantı” prinsipinə əməl etməyin vacibliyini vurğulayan ARDNŞ prezidenti neftlə çirklənmiş mədən torpaqlarının təmizlənməsi, lay sularının, qazma şlamların utilizasiyası və digər istiqamətlərdə qarşıda duran vəzifələrlə bağlı Şirkətin yeni vitse-prezidenti R. Hüseynzadəyə və digər vəzifəli şəxslərə konkret tapşırıqlarını verib.

R. Hüseynzadə layiq görüldüyü yüksək etimada görə Azərbaycan prezidenti İ. Əliyevə minnətdarlığını bildirib və bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyibr. Daha sonra ARDNŞ prezidenti Novruz bayramı münasibəti ilə toplantı iştirakçılarını və onların şəxsində bütün neftçiləri təbrik edib, xoş arzularını çatdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar