ARDNŞ ilə "MakDermott" alyans yaradır
02 Mart 2011 Çərşənbə 16:26
Bu gün iki şirkət arasında müqavilə imzalanıb
Bu gün Dövlət Neft Şirkəti (ARDNŞ) və “MakDermott İnterneyşnl İnk.” şirkətinin törəmə müəssisəsi “MakDermott Kaspian Kontraktorz İnk.” arasında Xəzər regionunda irimiqyaslı borudüzmə və dalğıc xidmətləri üzrə strateji alyansın yaradılması haqqında müqavilə imzalanıb. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni Alyans Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Dərinsulu Günəşli” yatağının (AÇG) işlənməsi çərçivəsində kontrakt üzrə işləri həyata keçirəcək.
İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və “MakDermott Kaspian Kontraktorz, İnk.” şirkətinin prezidenti Con T. MakKormak çıxış edib. R. Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən birgə layihələrdə “MakDermott” şirkəti ilə ARDNŞ arasında effektiv əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib, bu müqavilənin imzalanması ilə həmin əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə edib.
C. T. MakKormak rəhbərlik etdiyi şirkətin Xəzər dənizində ARDNŞ ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib, şirkət və onun törəmə müəssisələrinin “MakDermott”un 1990-cı illərdən başlayaraq Xəzərdə həyata keçirdikləri əməliyyatların uğurlu alınmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Mərasimdə qeyd olunub ki, “MakDermott” şirkətinin malik olduğu potensial ARDNŞ-nin əldə etdiyi geniş bilik və zəngin təcrübə ilə birləşərək unikal bir qüvvəyə çevriləcək və bu, “AÇG” yataqlar blokunun işlənilməsi layihəsinin uğurla inkişaf etdirilməsinə öz töhfəsini verəcək. “MakDermott İnterneyşnl İnk.” Xəzər dənizi regionunda 20 illik iş təcrübəsinə malikdir. Şirkət layihələrin idarə edilməsində, boru kəmərlərinin və sualtı obyektlərin mühəndis-layihə işlərinin aparılmasında, tikintisində, hazırlanmasında və quraşdırılmasında liderlərdən biridir. Şirkət texniki konsepsiyadan başlayaraq istismarqabağı sınaq mərhələsinə qədər stasionar və üzən dəniz istehsalat qurğuları, boru kəmərləri və sualtı sistemlər işləyib hazırlayaraq öz sifarişçilərinə təhvil verir.
DOSTLARINLA PAYLAŞ: