ANS-çilər Çingiz Mustafayevi yad etdilər
29 Avqust 2010 Bazar 17:05
ANS Şirkətlər Qrupunun əməkdaşları Milli Qəhrəmanın məzarını ziyarət edib.
Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Yaşasaydı, 50 yaşını qeyd edəcəkdir. Həmişə olduğu kimi bu gün də ANS Şirkətlər Qrupunun əməkdaşları, başda ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidentlər Seyfulla Mustafayev və Mirşahin Ağayev olmaqla Milli Qəhrəmanın Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib. Qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Xatırladaq ki, Çingiz Mustafayev 1991-ci ildən Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayıb. Lakin mövcud senzuraya görə, “215 KL” studiyasını yaratmaq qərarına gəlib. 1992-ci ilə qədər Çingiz Mustafayev bütün döyüş bölgələrindən ən operativ xəbərləri Azərbaycan xalqına çatdırıb. Ölkədə onu müxtəlif reportajları ilə tanısalar da, dünya Çingizi daha çox Xocalıdan çəkdiyi kadrlarla tanıyıb. Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Çingiz son nəfəsinə qədər kamerasını söndürməyib və beləliklə də ölməzlik zirvəsini fəth etmiş olub. Ölümündən sonra, 1993-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar