Altı məhkəmə hakimi barəsində intizam icraatı başlanıldı
19 Fevral 2011 Şənbə 00:28
Bəzi birinci instansiya məhkəmələrində qanunsuzluqlar aşkarlanıb.
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. ANS PRESS-in Şuranın internet saytına istinadən verdiyi məlumata görə, iclasda Şuranın korrupsiyaya qarşı mübarizə üzrə fevralın 4-də keçirilmiş geniş iclasında qoyulan konkret tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumat dinlənilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrin hər bir hakimə çatdırılması məqsədilə bütün hakimlərin və Şura üzvlərinin iştirakı ilə regional müşavirələr keçirilib, müvcud nöqsanlar və problemlər ətraflı təhlil olunmuş, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üçün tədbirlər müzakirə edilib.

Şurada vətəndaşların qəbulunun, o cümlədən Şura üzvləri tərəfindən qəbulun təkmilləşdirildiyi, vətəndaşların qəbulu üçün əlavə otağın istifadəyə verildiyi, müraciətlərin elektron qəbulunun təşkili bildirilib, hər bir müraciətin hərtərəfli və dolğun araşdırılması üzrə əlavə tədbirlər müəyyən olunub. Eyni zamanda bildirilib ki, vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə monitorinqlər keçirilib.

Monitorinq nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların, o cümlədən tərəflərin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməməsi, bəzi hallarda cavabdehin prosesdən kənarda qalması, apellyasiya hüququnun əsassız məhdudlaşdırılması və digər pozuntuların aşkar edilməsi vurğulanmış, bununla əlaqədar 6 hakim barədə intizam icraatları başlanılıb.

Həmçinin, iclasda hakim barədə intizam icraatına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar