Ali Məhkəmənin yeni hakimi təsdiq edildi
22 İyun 2010 Çərşənbə Axşamı 14:20
Milli Məclisin iclasında Naxçıvan Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin də yeni hakimləri təsdiq olunub.
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin yeni hakimləri təsdiq olunub.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, yeni hakimlərin təsdiq edilməsi ilə bağlı qanun layihəsi dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunub.

Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilmiş islahatlardan danışan komitə sədri deyib ki, 2007-ci ildən sonra parlamentdə qəbul olunan yeni qanunlar əsasında regional, apellyasiya, iqtisadi məhkəmələr yaradılıb. Bütövlükdə işin xeyli artması ilə əlaqədar hakimlərin ştatlarının sayı 50 faiz, məhkəmə aparatı işçilərinin sayı 60 faiz artıb. Ötən dövrdə məhkəmə proseslərinin keyfiyyətinin artırılması, hakimlərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı onlarla yeni məhkəmə binaları inşa edilib, təmir olunub.

Ə.Hüseynovun dediyinə görə, son üç ildə 40-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, 100-dək hakim inzibati məsuliyyətə cəlb olunub. Əsaslandırılmamış həbs qətimkan tədbirləri seçdiklərinə görə, 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakimin xidmət yerləri dəyişdirilib. Hakimlərin sayının artırılması, yeni hakimlərin təyin edilməsi ölkəmizdə həyata keçirilən islahatların davamıdır.

Sonra Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin hakimləri təsdiq olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə hüquq sistemində həyata keçirilən islahatların müsbət nəticələrindən danışıb, yeni hakimləri təbrik edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar