Akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
03 İyul 2010 Şənbə 00:30
“İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabının nəşri müəllifin “Azərbaycan” qəzetində dərc olunan eyniadlı məqaləsi ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabının geniş təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən DİA-nın rektoru, Əməkdar Elm Xadimi, professor Seyfəddin Qəndilov Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan kitabın əhəmiyyətindən danışıb. O, bildirib ki, kitabın nəşri akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunan, ictimai həyatımızda geniş maraq doğuran eyniadlı məqaləsi və həmin məqalədə qaldırılan mühüm məsələlər ilə bağlıdır.

İki fəsildən ibarət kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Nəşrin giriş hissəsində müəllifin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi, həmçinin “Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir” sərlövhəli müsahibə yer alıb. Kitabda məqalənin müzakirəsi ilə bağlı keçirilən “dəyirmi masa” və digər tədbirlərdə aparılan müzakirələr də əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, təhsil naziri Misir Mərdanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, professor Səlahəddin Xəlilov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və digər çıxış edənlər kitabın cəmiyyətimiz üçün çox dəyərli töhfə olduğunu vurğulayıblar.

Müstəqil konseptual elmi araşdırmaların, dərin müşahidələrin nəticəsi kimi ərsəyə gələn əsərdə ictimai şüura təsir göstərən səmərəli humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlərin qaldırılması kitabın aktuallığını və dəyərini artıran amillər kimi çıxış edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar