Ağsu aşırımında 27 obyektin fəaliyyəti dayandırılıb
03 Avqust 2010 Çərşənbə Axşamı 14:25
Ağsuda 18, Şamaxı rayonunda 9 ictimai iaşə obyektində sanitariya qaydaları kobud pozulub.
Ağsu aşırımında 27 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) məlumatına görə, Ağsu və Şamaxı rayonları ərazilərində Ağsu aşırımının magistral yol kənarında əhaliyə xidmət göstərən ictimai iaşə obyektlərində müayinələr keçirilib.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ağsu və Şamaxı rayonlarının İcra Hakimiyyətlərinin və yerli Polis orqanlarının nümayəndələri ilə birlikdə keçirdiyi yoxlamalar zamanı həmin obyektlərdə sanitariya norma və qaydalarının kobud pozulması halları aşkar edilib. Yol verilmiş nöqsanlarla əlaqədar Ağsu rayonu ərazisində 18 ictimai iaşə obyektinin, Şamaxı rayonu ərazisində isə 9 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb.
Ağsu rayonu ərazisində 2 obyektin, Şamaxı rayonu ərazisində isə 3 obyektin sahibkarı inzibati qaydada cərimə olunub.
Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin aparılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: