ADU-da plov festivalı keçiriləcək
24 Dekabr 2010 Cümə 12:50
Festival iştirakçıları Azərbaycan bayrağı formasında hazırlanan “Bayraq” plovu ilə tanış olmaq imkanı qazanacaqlar
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) plov festivalı keçiriləcək. Universitetin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, festival dekabrın 25-də olacaq.
Festivala ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Folklor İnstitutunun, YAP-ın Nəsimi rayon təşkilatının, Mədəniyyət və Turizm nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, universitetdə çalışan əcnəbi müəllimlər də iştirak edəcək. Bununla yanaşı, tədbirə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, akademik Teymur Bünyadov da qatılacaq. ADU-nun akt zalında keçiriləcək mərasimin bədii hissəsində ADU-nun rektoru S. Seyidov Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik nitqi ilə çıxış edəcək.
Festivalda Regionşünaslıq kafedrasının müəllimi Təranə Quluzadə “Düyü və onun yayılma arealı”, həmin kafedranın müəllimi Rəna Rəcəbli “Azərbaycanda çəltikçilik tarixindən” və sözügedən kafedranın müdiri, dosent Sevdagül Əliyeva isə “Azərbaycan mətbəxinin şahı” adlı təqdimatlarla çıxış edəcəklər. Məruzələrdə düyünün vətəni, növləri və bəzi xalqların qidasınını əsasını təşkil etdiyi haqqında, plov sözünün hərfi və lüğəti mənası, plovun yaranma tarixindən, eləcə də Azərbaycanda çəltikçilik tarixindən bəhs ediləcək. Tədbirdə tələbələrin ifasında musiqi nömrələri də səslənəcək.
ADU-nun İRK-də keçiriləcək festivalın növbəti hissəsində isə Azərbaycan mətbəxinin şahı sayılan plovun 55 növü tədbir iştirakçılarına təqdim ediləcək və hazırlanma texnologiyası haqqında məlumat veriləcək. Bununla yanaşı, iştirakçılar plovun “Buta” adlı yeni növü və Azərbaycan bayrağı formasında hazırlanan “Bayraq” plovu ilə də tanış olmaq imkanı əldə edəcəklər.
“Dadlı hissə” adlanan son hissədə isə ADU Müəllim Azad Həmkarlar Komitəsinin dəstəyi ilə 300 nəfər üçün nəzərdə tutulan müxtəlif plov növlərindən hazırlanmış ziyafət süfrəsi açılacaq. Qeyd edək ki, festival ADU-nun Regionşünaslıq kafedrasının, İRK-nın Folklor Mərkəzinin və ADU Müəllim Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: