Abid Şərifov: “Seldən ziyan çəkən yerlərdə 3000-dən çox fərdi ev tikilib”
13 Mart 2011 Bazar 00:59
Sabirabad rayonunun Ulacalı kənd orta məktəbi əsaslı təmirdən sonra yenidən istifadəyə veriılib.
Ötən ilin yaz aylarında Kür çayının daşması nəticəsində yararsız vəziyyətə düşmüş Ulacalı kənd orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. 32 otaqdan ibarət 580 yerlik təhsil ocağı zəruri avadanlıq, ləvazimat və informasiya texnologiyaları ilə təmin edilib.

Bu münasibətlə keçirilən mərasimdə Baş nazirin müavini Abid Şərifov bildirib ki, daşqınların yaşayış məntəqələrinə vurduğu ziyanın qısa müddətdə aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə təbii fəlakətdən ziyan çəkmiş yaşayış məntəqələrində 3 mindən çox fərdi ev tikilərək istifadəyə verilib: “Bu istiqamətdə görülən işlər daim ölkə başçısının diqqət mərkəzindədir”.

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev jurnalistlərə müsahibəsində bildirib ki, daşqınlar zamanı yaşayış məntəqələrində 80-ə yaxın sosial obyektə ziyan dəymişdi: “Bu gün əsaslı təmirdən sonra yenidən istifadəyə verilən orta məktəb binası bu qəbildən olan 50-ci sosial obyektdir. Sabirabad rayonunda Sarı su gölünün daşması nəticəsində sel sularından ziyan çəkmiş Qasımbəyli, Muradbəyli və Yuxarı Axtaçı kəndlərində 4 məktəb binası əsaslı təmir edilir. İmişli rayonunda əsaslı təmir edilən məktəb binaları yaxın vaxtlarda istifadəyə veriləcək”.

Daşqınlardan ziyan çəkən sakinlərə kompensasiyaların verildiyini diqqətə çatdıran nazir müavini tərkibi 5 nəfərə qədər olan ailələrə 1000 manat, 5 nəfərdən yuxarı olan ailələrə isə 1500 manat kompensasiya verildiyini, sel suları altında qalan torpaq sahələrinə görə də əhaliyə kompensasiyalar veriləcəyini bildirib.

Mərasim başa çatdıqdan sonra Abid Şərifov və Orucəli Hacıyev Ulacalı kəndinin sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, sel sularından ziyan çəkmiş evlərə baxıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar