7 vəzifəli şəxs həbs olunub
03 Mart 2011 Cümə Axşamı 22:26
Respublika Prokurorluğu rəsmi məlumat yayıb.
Respublika Prokurorluğu korrupsiya faktı ilə əlaqədar həbs edilən vəzifəli şəxslərlə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verdiyi məlumatda görə, Respublika Prokurorluq orqanları tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl və sistemli mübarizə tədbirləri davam etdirilir. Aparılan istintaqla müəyyən edilib ki, Zeynalov Mürvət Rəsul oğlu Şamaxı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə 271 şəxsə torpaq sahəsi ayrılması haqqında qanunsuz qərarlar verərək Şamaxı bələdiyyəsinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurub. Bundan başqa, Əfəndiyev Mehman Ədalət oğlu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən 265 şəxsə torpaq sahəsinin müsabiqədənkənar yolla satılması barədə müsbət rəylər verərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurub. Həmin hərəkətlərinə görə Mürvət Zeynalov və Mehman Əfəndiyev Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə Əhmədov Fərman Kərim oğlu Şamaxı rayonunun Mədrəsə bələdiyyəsinin sədri vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə torpaq sahələri ayırmaqla bələdiyyənin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Fərman Əhmədov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Bəhramov Mir Hamil Mir Əlövsət oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 nömrəli zona tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə əlillik dərəcəsinin verilməsinə əsas olan xəstəlikdən əziyyət çəkməyən şəxslərə külli miqdarda sosial müavinət və əmək pensiyaları verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Həmin hərəkətlərinə görə Mir Hamil Bəhramov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarverdiyev Aydın Tarverdi oğlu Salyan rayonunun Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cəfərov Yusif Əfqan oğlundan torpaq hərracı və müsabiqəsi keçirilmədən, sənədləri saxtalaşdırmaqla 9 hektar torpaq sahəsinin onun arvadı Cəfərova Leyla Ramiz qızının adına rəsmiləşdirməsinə görə 71.0 min manat məbləğində rüşvət alıb və tərtib etdiyi saxta sənədləri Yusif Cəfərova təqdim edərək 9 hektar torpaq sahəsini torpaq hərracları və müsabiqələri keçirilmədən ayrılmasına dair qanunsuz qərar qəbul edib həmin torpağın alqı-satqı yolu ilə vətəndaşın mülkiyyətinə verilməsini təşkil edib. Bundan başqa, Aydın Tarverdiyev həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, Cəbrayılov Balakişi Talıb oğlunun adına olan Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsini təşkil edəcəyini vəd edərək, sonuncudan rüsum adı altında 1.800 manat məbləğində pul almış və torpaq sahəsinin təyinatının dəyişdirilməsinə dair rəsmi dövlət sənədini saxtalaşdırmaqla həmin sənədi Balakişi Cəbrayılova təqdim edərək sonuncunun xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq edib. Tarverdiyev Aydın Tarverdi oğlu Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 178.2.4, 308.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaqla müəyyən edilib ki, Hüseynov Səfər Hüseyn oğlu Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən həmin şöbənin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəllər həmin şöbədən müavinət almış və müavinətin alınma müddəti bitmiş vətəndaşların şəxsi hesablarını bağlamayıb həmin hesablardan istifadə etməklə, qeyd edilən şöbədən əmək pensiyası və əlilliyə görə pensiya alan şəxslərin adlarını başqa hesablara da daxil etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməklə onların bank hesablarına ödəniş reyestrləri ilə pul vəsaitlərini köçürüb bankomatlardan plastik kartlarla ələ keçirib. Səfər Hüseynov həmçinin, vəfat etmiş şəxslərin dəfn xərclərinə görə artıq pul vəsaiti hesablayaraq, onların hesablarına 1 milyon 9.740 manat məbləğində vəsait köçürməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayaraq dövlət mənafeyinə mühüm zərər vurub. Həmin hərəkətlərinə görə Səfər Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Əbdürrəhmanov Qismət Əbdürrəhman oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir rayon şöbəsinin direktoru vəzifəsində işləyərkən ünvanlı sosial dövlət yardımı almaq üçün müraciət etmiş vətəndaşlardan xidməti vəzifəsinin icrası ilə əlaqədar ünvanlı sosial dövlət yardımı təyin edilməsindən ötrü külli miqdarda pulu özü üçün rüşvət kimi tələb edərək alıb. Bundan başqa o, həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə etməklə dövlət büdcəsindən vətəndaşlara ünvanlı dövlət sosial yardım verilməsi üçün ayrılmış pul vəsaitini ələ keçirmək məqsədilə vətəndaşların xəbəri olmadan tamah niyyəti ilə onların adlarına saxta tərtib edilmiş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməklə qeyd olunan sənədlər əsasında ayrılmış külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayıb. Həmin hərəkətlərinə görə Qismət Əbdürrəhmanov Cinayət Məcəlləsinin 179.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar