44 sahibkara 554 min manat kredit verilib
10 Dekabr 2010 Cümə 17:15
Bu kreditlər hesabına Mingəçevir və ətraf rayonlarda 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur
Bu gün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Mingəçevir şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Mingəçevir şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak edib. Bu ilə SKMF tərəfindən 4650 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılması məqsədilə 4 investisiya layihəsi maliyyələşdirilib. Artıq Ağdamda 450 başlıq müasir cins heyvandarlıq kompleksi istifadəyə verilib. Digər 3 heyvandarlıq kompleksində aparılan işlərin 2011-ci ilin I yarısında başa çatdırılması nəzərdə tutulur. Tədbir çərçivəsində bu 3 heyvandarlıq kompleksindən biri olan Ağdaş rayonundakı “Türyançay” fermer təsərrüfatı MMC-nin 800 başlıq südlük istiqamətli cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Fondun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, fond 2010-cu ilin ötən dövründə 1336 sahibkara 100,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5003 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi respublikanın regionlarının payına düşür.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 554 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, tədbirdə Mingəçevir şəhərinin iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr üzrə müzakirələr aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar