3G xidmətləri üçün “Azercell Telekom”a tezliklər ayrılacaq
24 Noyabr 2010 Çərşənbə 11:40
Azərbaycan prezidenti bununla bağlı rabitə və informasiya texnologiyaları nazirinə tapşırıq verib
Dünəndən başlayaraq noyabrın 26-na qədər Bakıda informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel 2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçirilir. Sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərginin ən aktiv iştirakçılarından biri “Azercell Telekom” MMC şirkətidir.
“Azercell Telekom”un mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sərgi zamanı Azərbaycan prezidenti İlham Əliyev “Azercell” şirkətinin stendlərini seyr edərək LBS, RFID texnologiyaları, eləcə də, 3G və 4G texnologiyalarının xidmətləri ilə yaxından tanış olub. Prezident 3G xidmətlərinin göstərilməsi üçün “Azercell Telekom” MMC-yə müvafiq tezliklərin ayrılması barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova tapşırıq verdi.
Hər il olduğu kimi bu dəfə də “Azercell” sərgidə Azərbaycana ilk dəfə gətirdiyi texnologiyalar, yeni xidmətləri təqdim edir. Sərginin açılış günündə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan bildirib ki, “Azercell Telekom” MMC Bakıda Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin daimi iştirakçısıdır: “Şirkət hər il bu irimiqyaslı layihənin ərsəyə gəlməsində yaxından iştirak edir. Bu il də “Azercell” hər zaman olduğu kimi sərgi iştirakçılarına ən son texnologiyaları təqdim edir və gündəlik həyatı dəfələrlə yüngülləşdirən, rəngarəng edən mobil rabitənin imkanlarını nümayiş etdirir”.
“TeliaSonera” Avrasiya üzrə Baş əməliyyat direktoru və vitse-prezident A. Halim Ateş də açılış mərasimində çıxış edərək qeyd edib ki, “TeliaSonera” Avrasiya şirkətlər qrupuna daxil olan “Azercell Telekom” yeniliklərini təqdim etməyə davam edir: “Ümidvarıq ki, Bakutel 2010 sərgisində nümayiş etdirdiyimiz Mobil Naviqasiya, RFID texnologiyası, LBS əsasında dostların yerləşməsini göstərən lokator və s. kimi xidmətlərimiz abonentlər tərəfindən sevinclə qarşılanacaq və onların qabaqcıl texnologiyalardan istifadə imkanlarını artıracaq”.
Naviqasiya – telefon səni istədiyin yerə aparacaq!
“BakuTel 2010” sərgisində ilk dəfə olaraq unikal bir məhsul – Mobil Naviqasiya sistemi təqdim olundu. Mobil Naviqasiya sistemi vasitəsilə istifadəçinin yeri təyin olunur və elektron xəritə üzərində göstərilir. Bu zaman xəritədə ətrafdakı bütün məntəqələr (küçələr, kafelər, restoranlar, banklar, mağazalar və s.) görünür. Həmçinin istənilən yeri xəritədə tapıb ora getməyin yollarını müəyyənləşdirmək olar. Abonent gedəcəyi yeri seçir və həmin nöqtəyə qədər ən əlverişli yolu asanlıqla ala bilir. Bundan başqa, ətraf yolların durumu - tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar haqqında məlumat da birbaşa mobil telefonun ekranında göstərilir.
RFİD kartı – telefonla bilet al, qapı aç, endirim əldə et...
“Azercell”in Bakutel-2010 sərgisindəki yenilikləri bununla bitmir. “Azercell” həmçinin Azərbaycanda ilk dəfə olaraq yeni RFID texnologiyasını təqdim edir. Bu texnologiya sayəsində abonent telefonunu müəyyən cihaza yaxınlaşdırmaqla bir çox funksiyanı həyata keçirə bilər. Məsələn, bu kartla telefonla qapını açmaq, endirim əldə etmək, metro və ya avtobusa daxil olmaq olar. Yəni, abunəçi binaya daxil olma hüququnu, endirim və kupon kodlarını, metro və konsert biletlərini öz telefonundan istifadə edərək əldə edə bilər. Gələcəkdə RFID kartı – “Yaxın Sahə Kommunikasiyaları üçün yeni Sim kartla işləyən mobil vasitə” indi hər kəsin pul qabında gəzdirdiyi kartları, sənədləri əvəz edəcək. Daha açar, kredit kartları, biletlər, endirim və nahar kartları, ictimai nəqliyyatda gediş vəsiqələri, təhlükəsizlik nişanları, kuponlar, maşının keçməsinə icazələr və s. ehtiyac qalmayacaq. Bunların hamısını RFID Sim kartında yerləşdirmək mümkün olacaq. RFİD kartı adi SİM kart ölçüsündə olacaq və demək olar ki, istənilən mobil telefon modeli ilə işləyəcək.
Telefonla dostların yerini öyrənmək mümkün olacaq
Sərgidə nümayiş etdiriləcək daha bir xidmət - Azercell LBS texnoloqiyası əsasında “Family Finder” xidmətidir. Location Based Service - İngilis dilinə tərcümədə Yerin Müəyyən edilməsi xidməti deməkdir. Bu xidmət informasiya və əyləncə xarakteri daşıyan abunəçinin coğrafi yerini müəyyən edən əməliyyatdır. Bu əməliyyatda üçün GPS naviqasiya sistemindən istifadə etmək mütləq deyil. Yeri müəyyən etmək üçün GSM və UMTS mobil şəbəkələrin baza stansiyalarından istifadə olunur. Müəyyən olunmuş yerin dəqiqliyi isə maksimum 50 metr radiusunda göstərilir. Azercell LBS texnoloqiyası əsasında “Family Finder” xidmətinin istifadəsini planlaşdırıb. Bu xidmət Qrup Rəhbəri tərəfindən qrup üzvləri üzərində müşahidə aparmağa imkan verir. Xidmət müxtəlif növ siqnal göndərməyə imkan verir, məsələn, qrup üzvləri öncədən müəyyən edilmiş ərazini tərk etdikdə.
Bütün bunlarla yanaşı, sərgidə “Azercell”in “Facebook” səhifəsinin pərəstişkarları üçün ayrıca bir guşə də açılıb. Burada, pərəstişkarlar “Azercell FB” səhifəsində suallara cavab verən insanlarla tanış ola biləcək, bu səhifənin məqsədi və mənası ilə daha yaxından tanış olacaqlar və artıq 16 mindən çox istifadəçisi olan Azercell-in FB səhifəsinin pərəstişkarı 23-26 noyabr tarixlərində keçiriləcək Bakutel İKT sərgisində Azercell-in hazırladığı çox dəyərli hədiyyə gözləyir.
DOSTLARINLA PAYLAŞ: