2011-ci ildən tibb işçilərinin sertifikasiya prosesi başlanacaq
29 Dekabr 2010 Çərşənbə 12:05
Azərbaycanda 5 il ərzində səhiyyə sahəsində 200 mln manata yaxın büdcə vəsaiti sərf olunub
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 2010-cu ilin son kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, iclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, görkəmli akademik Cəmil Əliyev və Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general – leytenantı Faiq Tağızadə də iştirak edib.

İclası giriş sözü ilə acan nazir Oqtay Şirəliyev öncə bütün kollegiya iştirakçılarını, o, cümlədən bütün səhiyyə işçilərini qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi və “Yeni il” bayramları münasibəti ilə təbrik edib.

Daha sonra müzakirələrə başlanıb. İlk olaraq 2010-cu il ərzində səhiyyə sahəsində görülmüş işlər haqqında danışmaq üçün söz Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyevə verilib.

O bildirib ki, bu il Azərbaycanda səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla davam etdirilib. Proqramların icrasına 5 il ərzində 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunub.

Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşmiş və cari ildə keçən illə müqayisədə 35% azalıb.

Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılıb və gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaq.

Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq gələn ildən rezidentura sisteminə keçid də planlaşdırılır. Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilib. 2010-cu ildə məzunların 80%-nə bölgələrə təyinat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin cari ildə Moskva şəhərində keçirilən 60-cı sessiyasında qərar qəbul edilib ki, növbəti Sessiya 2011-ci ildə Bakıda keçirilsin.

Soltan Əliyevin çıxışından sonra ölkə səhiyyəsinin ayrı-ayrı sahələrində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqda çıxışlar olub.

Çıxışçılar – Naxcıvan MR Səhiyyə naziri Niyazi Novruzov, ATU-nun rektoru Əhliman Əmiraslanov, Akad. M. Topçubaşov ad. Elmi - Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov, Quba MRX-nın baş həkimi İsmayıl Mirzəliyev elmi-praktiki fəaliyyətdən, dövlət proqramlarından irəli gələn görülmüş işlərdən və arxada qoyduğumuz 2010-cu il ərzində əldə olunan nailiyyətlər haqqında qısaca məlumatlar veriblər.

Kollegiyanın sonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 dekabr 2010-cu il tarixli 103 saylı əmri ilə Səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə 14 nəfər səhiyyə işçisinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşəkkür edilməsi haqqında əmri oxundu və daha sonra Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ları ilə təltif edilmiş 15 mütəxəssisə diplom və hədiyyələr təqdim olunub.

Təqdimetmə başa çatdıqdan sonra Oqtay Şirəliyev ölkədə baş vermiş fövqəladə hallarda tibb işçilərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərmələrini xüsusi vurğuladı. Məhz bu səbəbdən də Fövqəladə hallar nazirliyi tərəfindən təltif olunmuş bir qrup Səhiyyə Nazirliyinin əməkdaşlarına “Fəxri fərman”lar Fövqəladə Hallar nazirinin tibb xidməti general – leytenantı Faiq Tağızadə tərəfindən təqdim olunub.

Sonda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 5-ci ildönümü, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə, Azərbaycan Respublikasının fövqəladə hallar, orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyev 15 dekabr 2010-cu il tarixli əmr ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikası yubiley medalı ilə təltif olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar