15 il beynəlxalq axtarışda olan şəxs həbs edilib
03 Dekabr 2010 Cümə 11:20
Azərbaycanda 15 il beynəlxalq axtarışda olan şəxs həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Füzuli rayonundan olan, 1967-ci il təvəllüdlü Zülfüqar Səfər oğlu Səfərov 1995-ci ildə Sumqayıt şəhəri, Boru Prokat Zavodunun qarşısında şəhər sakini İdrak Əsgərovu qətlə yetirib.
Həmin hadisədən sonra qaçaraq məsuliyyətdən yayınan Z. Səfərov uzun müddət Rusiyada və bir sıra MDB ölkələrində gizlənib. Bu barədə hüquq-mühafizə orqanlarının əlində məlumat olsa da, Z. Səfərov tez-tez yerini dəyişdiyindən onu tutmaq mümkün olmayıb. Hadisədən bir il sonra onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.
Nəhayət hadisə baş verəndən 15 il sonra Azərbaycana qayıdan Z. Səfərovun ölkənin şimal-qərb bölgəsində olması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Sumqayıt şəhər Polis İdarəsi və Qax rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z. Səfərov Qax rayonu ərazisində həbs edilib.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: