10 ayda 1292,5 ton saxta ərzaq satışdan çıxarılıb
30 Noyabr 2010 Çərşənbə Axşamı 14:40
Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Xırdalan şəhərində “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə dövlət qurumları, ictimai təşkilatların nümayəndələri, həmçinin Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 150-ə yaxın sahibkar iştirak edib.
Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir. Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1292,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb: “Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 614,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir”.
Z. İsayev deyib ki, bu dövrdə yuxarıda qeyd edilən səbəblərdən 376,5 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 142,8 tonu məhv edilib, 223,8 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 9,9 tonu ilə bağlı araşdırmalar aparılır: “2010-cu ilin yanvar-oktyabr ayları ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1436 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 2 milyon manatdan artıq cərimə edilib”.
Z.İsayev qeyd edib ki, Dövlət Xidməti tərəfindən bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 4 adda 40 min ədəd, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: