Uşaqlar necə geyinməlidir?
12 Mart 2013 Çərşənbə Axşamı 08:37
Geyim uşaq yaşlarından zövqü formalaşdırır.
Geyim uşaq üçün təkcə dəb göstəricisi deyil, həm də, onun zövqünü formalaşdırmaq üçün bir vasitədir. İstənilən geyim müasir cəmiyyətdə iki funksiyanı yerinə yetirir. Birincisi, bədəni xarici təsirlərdən qoruyur, ikincisi isə estetik görünüş yaradır.

Şəxsiyyət formalaşmağa başladıqca istənilən uşaqda kütlədən ayrılmaq, seçilmək istəyi yaranır. Onlar geyimlərini, stillərini özləri seçməyə və qeyri-adi görünməyə çalışırlar.

Uşaq psixoloqu Anarə Baxşəliyeva bildirir ki, uşağın geyimdən zövq alması vacibdir: “Çünki valideynləri rəngarəng və ya zövqsüz geyim seçməklə onların gələcək həyatlarına birbaşa təsir edirlər. Geyim seçimində iştirak etmələrinə baxmayaraq, övladlarına bu prosesdə sərbəstlik verən valideynlər onlarda zövqlə geyinmək vərdişinin formalaşmasına kömək edirlər. Bu zaman diqqət yetirməli olduğunuz əsas məqam isə geyimin keyfiyyəti və orqanizm üçün zərərsiz olmasıdır”.

Bəzən valideynlər uşaq üçün geniş qarderob yaratmağa can atmırlar. Buna səbəb kimi, keyfiyyətli geyimin baha olmasını, övladlarının çox hərəkətli olduqları üçün geyimi tez çirkləndirmələrini göstərirlər. Psixoloqların fikrincə, qarderobun rəngarəng olması uşağın intellektinə, yaradıcılıq qabiliyyətinə, hətta psixikasına təsir edir.

Məsələn, həddən artıq dar geyim uşaqda aqressiyaya və müxtəlif komplekslərə gətirib çıxara bilər. Eyni zamanda, geyim uşağın şəxsiyyəti barədə də informasiya daşıyır. Belə ki, uzun müddət uşağın eyni paltarı daşıması ailənin sosial durumundan əlavə, bəzi hallarda valideynlərin diqqətsizliyinin də göstəricisidir. Yox, əgər uşaq həddən artıq rəngli, xüsusən, böyüklər kimi geyinirsə, bu onun daima valideynlərinin və ətrafdakıların diqqətinə ehtiyacı olmasından, ya da ərköyün tərbiyə almasından xəbər verir.

Geyim seçimində rəngin rolunu xüsusilə vurğulamaq lazımdır. Psixoloji araşdırmalar nəticəsində isbat edilib ki, rəng insanın psixikasına təsir göstərir. Belə ki, əlvan rənglər övladınızda müsbət, tünd və tutqun rəngli geyimlər isə depressiv əhval-ruhiyyə yarada bilər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar