Yüksək sürət sürücüyə baha başa gəldi
10 Fevral 2011 Cümə Axşamı 10:30
“VAZ-2107” markalı avtomaşın yol kənarındakı bordürlərə çırpılıb
Lənkəran rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza dünən axşam saat 20.00 radələrində Lənkəran şəhərinin Şəhidlər Xiyabanı dairəsində baş verib.
Rayonun Girdəni kənd sakini, 35 yaşlı Fərrux Məmmədhüseyn oğlu Fərəcov idarə etdiyi “VAZ-2107” markalı 42-BX-376 dövlət nömrə nişanlı avtomaşınla “Ləvəngi dairəsi” adlanan ərazidə şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı bordürlərə çırpılıb. Nəticədə maşın yararsız vəziyyətə düşməklə yanaşı sürücü də ağır bədən xəsarətləri alıb və hadisə şahidləri tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxananın travmatoloqu Rövşən İmamverdiyev bildirib ki, xəstə çənə nahiyəsində əzilmiş-deşilmiş yara, qarın nahiyəsində qapalı travma diaqnozu ilə daxil olub. Hazırda rentgenoloji müayinədən keçirilir.
Qeyd edək ki, hadisə yerinə dərhal Lənkəran şəhər polis şöbəsinin və yol polisinin əməkdaşları gəlib, qəza yerinin müayinəsinə başlanılıb. İşi araşdıran müstəntiq Murad Rzayevin məlumatına görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı araşdırmalara başlanılıb.
DOSTLARINLA PAYLAŞ: