Yeni Yaşma meşə sahəsində yanğın baş verib
13 İyun 2010 Bazar 00:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisəyə görə dəmir yolu işçilərini günahlandırır.
Bakı-Quba yolunun 63-cü kilometrliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Giləzi Meşəsalma Müəssisəsinin Yeni Yaşma meşə sahəsində yanğın hadisəsi baş verib. ETSN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğının baş verməsinə səbəb Şirvan 14 saylı dəmiryol təmiri briqadası işçilərinin laqeydliyi və məsuliyyətsizliyi olub. Belə ki, dəmir yolunun Stalçay ərazisinin işçiləri yolun kənarını qurumuş otlardan təmizləmək məqsədilə onlara od vurub və nəticədə quru otların yanma ərazisi genişlənərək meşə fonduna keçib.

Yanğın qısa müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının, habelə hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb. Meşə əkini sahəsinin 0,5 hektar ərazisini əhatə edən yanğın sürətlə yayıldığından ağacların yarpaqları ütülmüş, lakin ağaclara ciddi ziyan dəyməyib.

Yanğının törədilməsində təqsirkar olanlar barədə qanunamüvafiq qaydada sənədləşmə işləri aparılıb və təqsirkarlar İnzibati Xətalar Məcəlləsinin 92.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar