Yardımlı rayonunda sürüşmə olub
04 Mart 2010 Cümə Axşamı 16:45
Yardımlı rayonunda sürüşmə olub. Televar kəndində dərinliyi 1 metr olan çatlar yaranıb.
Yardımlı rayonunun Televar kəndində, Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrindən şimal qərbdə, Viləş çayının sağ sahilində, Qaravulxana adlandırılan dağın yuxarı və aşağı yamaclarında torpaq sürüşməsi baş verib. Sürüşmə ərazidə martın birindən aktivləşməyə başlayıb. Rayon rəhbərliyi baş verən hadisə ilə bağlı aidiyyatı qurumları məlumatlandırıb. Artıq FHN-nin regional idarəsinin və digər aidiyyatı qurumların mütəxəssisləri hadisə baş verən əraziyə baxış keçiriblər. Müəyyən olunub ki, yuxarı yamacda təxminən 2 kilometr, aşağı yamacda təxminən 5 kilometr ərazi sürüşməyə məruz qalıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının 1-ci müavini Etibar Fərruxov sürüşmə zonasında olub və hadisə nəticəsində zərər çəkmiş tikililərə baş çəkib. 2 fərdi yaşayış evinin gələcək istismar üçün təhlükəli olduğu müəyyən olunub. Zərərçəkən evlər əsasən ötən əsrin ortalarında çiy kərpicdən inşa olunanlardır.

“2 fərdi yaşayış evində yaşamaq təhlükəli olduğundan onların köçürülməsi üçün kənddə inzibati binalar ayrılıb. Həmin ailələr artıq qəza vəziyyətində olan evlərdən çıxarılıb”,-deyə rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Fərruxov bildirib.

Televar kənd icra nümayəndəsi ANS PRESS-ə bildirib ki, ərazidə sürüşmə 1954-cü ildən müşahidə olunub, bu ilin fevral ayından etibarən isə aktivlik daha da artıb.

Qeyd edək ki, sürüşmə nəticəsində ərazidə dərinliyi 1 metr olan çatlar yaranıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar