Yanğın söndürüldü, mənzillərə su doldu
29 Mart 2014 Şənbə 22:58
Artıq hadisədən 3 gün keçməsinə baxmayaraq hələ də tavandan su axır.
80 yaşlı bu xanım sakit yaşam tərzini martın 26-sı yaşadığı binanın 2-ci mərtəbəsində baş vermiş yanğından sonra dəyişməli olub. Çünki yanğın söndürülən zaman aşağı mərtəbədəki mənzillər su içində qalıb.

Artıq hadisədən 3 gün keçməsinə baxmayaraq hələ də tavandan su axır. Bəzi hissələrdə isə tavanın əhəng örtüyü dağılıb. Ev sahibinin sözlərinə görə hadisə zamanı mənzilə o qədər su dolub ki, evin əşyaları tamamilə yararsız vəziyyətə düşüb. Əldə qalan tək yorğan döşəkdir ki, onları da qurutmaq üçün həyətə çıxarıblar.

2-ci bir məsələ isə yanğın baş vermiş evdəki zibil problemidir. Mənzil sahibi tüfeyli həyat tərzi keçirdiyindən illərlə evə daşıdığı tullantıların yaratdığı üfunət nəinki mənzildə yaşamağa heç binanın yanından keçməyə imkan vermir.Vəziyyəti aydınlaşdırmaq üçün 32 saylı mənzil kommunal istismar sahəsinə yollandıq. Sahə rəisi Sahib Zaulov müsahibə vermək istəməsə də bütün məqamlara aydınlıq gətirdi. Onun sözlərinə görə zibil yığınının təmizlənməsinin gecikməsində əsas səbəb qurumun ixtiyarında olan fəhlə və maşın sayının azlığıdır. Buna baxmayaraq təmizlənmə işləri davam etdiriləcək.

Xanımana Hüseynovanın evinə dəymiş ziyana gəldikdə isə Sahib Zaulov bildirdi ki, bizim dəymiş ziyanı müəyyən edə biləcək mütəxəssisimiz yoxdur, bu, bizim səlahiyyətlərimiz xaricindədir.

Sahə rəisinin dediklərindən sonra məsələni Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsi ilə dəqiqləşdirdik. Qurumdan isə bildirildi ki, Yanğından mühafizə idarəsi tək baş vermiş hadisənin aradan qaldırılması ilə məşğul olur. Evə dəymiş ziyanın isə müəyyənləşdirilməsinə gəldikdə isə əgər ev sığorta olunubsa, bu iş sığorta şirkəti tərəfindən aparılır. Əks təqdirdə bu məsələ Mənzil kommunal təsərrüfat birliyinin səlahiyyətlərinə daxildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar