Xırdalanda qısqanclıq zəminində qonşusunu öldürən şəxs tutuldu
11 İyul 2011 Bazar Ertəsi 16:49
Respublika Prokurorluğu bununla bağlı rəsmi məlumat yayıb.
Respublika Prokurorluğu Xırdalan şəhərində törədilən qətllə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 11 iyul 2011-ci il tarixdə, saat 04 radələrində Xırdalan şəhər sakini, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Sərdar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1975-ci il təvəllüdlü Məmmədov Vüqar Nadir oğlunu yaşadığı evin qarşısında bıçaqla bir neçə dəfə vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gündüz Məmmədov tutularaq istintaqa cəlb edilib. Şübhəli şəxs qismində dindirilərkən G.Məmmədov törətdiyi əməli tam etiraf edib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. anspress
DOSTLARINLA PAYLAŞ: