Vəhşi heyvanlar Göyçaya hücum edib
22 Fevral 2011 Çərşənbə Axşamı 23:16
Canavarlar rayonun Mallı-Şıxlı kəndində 9 qoyunu parçalayıb.
Vəhşi heyvanlar Göyçay rayonunun Mallı-Şıxlı kəndinə hücum edib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, əsas məşğuliyyətləri heyvandarlıq olan kənd sakinlərinə külli miqdarda ziyan dəyib. Hadisə ötən gün axşam saatlarında qoyun sürüsü otlaq sahəsindən kəndə gələn zaman baş verib. Örüş sahəsində olan bir nəfər isə sürüyə soxulan canavarların əlində aciz qalıb. Canavarları görüb quzuya dönən kənd sakini yaxınlıqdakıları köməyə çağırıb. Səsi eşidən kənd sakinləri köməyə gəlsələr də, artıq iş işdən keçmişdi.
Kənd sakini Şahid Ağarəhimovun sözlərinə görə, sürüyə hücum çəkən iki canavar olub. Onlar 9 qoyunu parçalayıb. Heyvanlardan 4-ü ölüb. “Az qala məni də yeyəcəkdilər”, - deyə kənd sakini əlavə edib.
Şükür Rüstəmov isə bildirib ki, demək olar ki, hər gün belə hadisələr təkrar olunur. “Amma bu formada heç olmamışdı. Qorxudan toyüq-çüçəmizi evdə saxlayırıq”, - deyə kənd sakini bildirib.
Rayon Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevin sözlərinə görə, ölən qoyunlar qazılaraq basdırılacaq, xəsarət alan qoyunlar isə sahə-baytar həkimi tərəfindən artıq nəzarətə götürülüb.
Xatırladaq ki, bir müddət əvvəl eyni vəziyyət Zərdab rayonunda qeydə alınmışdı. Bəyimli qəsəbəsinin sakini Dərgah Məmmədova məxsus təsərrüfata soxulan çaqqal gözəgəlimli qoyunları tələf etmiş və nətiçədə 70 baş qoyun-quzudan 53-ü ölüb, 17-si isə yaralanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: