Ucar rayonunda müəmmalı yanğın
13 May 2014 Çərşənbə Axşamı 01:34
Ucar rayonunda 4 otaqlı fərdi yaşayış evdə müəmmalı yanğın hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, Ucar rayonunun Alpı kəndində yanğın hadisəsi qeydə alınıb. Ev sahibi Hüseynov Ramazan Məmmədəli oğluna məxsus ümumi sahəsi 220 kvadratmetr olan 4 otaqlı mənzildə qəribə hadisə baş verib.

Əvvəlcə evin paltar rəfindən başlayan yanğın 5 saat ərzində içərisində evin bütün əşya və yataq dəstini tamamilə yandırıb. Hətta yanan əşyalar içərisində partlayışla müşaiət olunan televizor və soyuducu kimi məişət avadanlıqları da olub. Yəni 5 nəfərin birgə yaşadığı evdə son 5 saat ərzində 20 dəfə irili-xırdalı yanğın hadisələri olub. Ayrı-ayrı vaxtlarda yataq otağındakı döşəklər, pərdələr, soyuducu, kreslo, televizor yanıb.

Ailənin bütün üzvləri hər an yanğın hadisəsinin yenə baş verəcəyindən ehtiyat edərək hazırda gecə-gündüz evə nəzarət edirlər. Əşyaların nədən yandığı isə müəmmalıdır.

Ev sahibi deyir ki, yanğın nə elektrik xəttindən, nə də qaz sobasından baş verir. Müəmmalı şəkildə hər dəfə evin müxtəlif hissələrində qara tüstü ilə müşahidə olunur. Baş verən bu yanğının söndürülməsi üçün 1 dəfə əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı yanğınsöndürənlər orada iştirak edib və alovun genişlənməsinin qarşısı alınıb.

Bu hadisəni görənlər təəccüblənirlər. Çünki həmin əşyalar olan yerdə elektrik naqili və ya soba yoxdur. Hadisələrin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar