Tikinti materialları bazarında yanğın baş verdi
27 İyul 2012 Cümə 06:23
Hadisənin elektrik naqillərinin keçdiyi ərazidə qeydə alınması yanğınsöndürənlərin də işini çətinə salıb
Gecə paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən tikinti materialları bazarında güclü yanğın baş verib. Yanğın qısa zamanda geniş ərazini əhatə etdiyindən hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 20-yə yaxın yanğınsöndürmə briqadası cəlb edilib.
Alov tikiniti materialları bazarının təxminən 400 kvadratmetr ərazisini cənginə alıb və nəticəsində obyekt sahibinə məxsus 250 kubmetr taxta material yanaraq külə dönüb. Qeyd edək ki, yanğının baş verdiyi bazar yüksək gərginlikli elektrik naqillərinin altında yerləşir. Elə yanğının da elektrik xətlərində baş verən qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.
Hadisənin elektrik naqillərinin keçdiyi ərazidə qeydə alınması yanğınsöndürənlərin də işini çətinə salıb. Buna baxmayaraq FHN əməkdaşları təxminən iki saat ərzində yanğını məhdudlaşdırmağa müvəffəq olub və alovun başqa obyektlərə keçməsinin qarşısını alıblar.
Yanğının baş verməsinin dəqiq səbəbləri isə FHN təhqiqat qrupununu araşdırmalarından sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: